Avropa İttifaqının sədri olan Macarıstan Avropanı şoka salıb
“ÖLKƏNİN GERİYƏ, AVTORİTAR SİSTEMƏ DÖNƏCƏYİNİ, YOXSA İRƏLİ GEDƏCƏYİNİ ZAMAN GÖSTƏRƏCƏK”
00:35 / 21.04.2011
2004-cü ildən Avropa İttifaqının üzvü olan və hal-hazırda quruma sədrlik edən Macarıstan indi təkcə Avropa İttifaqı üçün deyil, digər beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası, ATƏT, BMT üçün də baş ağrısına çevrilib. Həyəcan təbili çalan isə yalnız beynəlxalq qurumlar deyil, ölkə ictimaiyyəti, QHT-lər, jurnalistlər də narahatdırlar. Hər kəs etiraf edir ki, sabah nə olacağı bilinmir. Avropanı qaranlığa qərq edən isə Macarıstanda bu ilin əvvəlində qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” yeni qanundur. Düzü, Bakıda bu barədə bir qədər məlumatım var idi. Amma vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu Macarıstana səfər zamanı öyrəndim. Qanun qəbul olunduqdan sonra da yuxarıda adıçəkilən qurumlar öz narazılığını açıq şəkildə bildiriblər. Söhbət ondan gedir ki, yeni qanunda elə maddələr var ki, bunlar nəticə etibarilə ölkədə kütləvi informasiya vasitələrinə nəzarətin tam şəkildə hakimiyyətin əlinə keçməsinə yol açır. Elə Macarıstanda media ekspertləri, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər düşünürlər ki, “Fides” hökumətinin məqsədi də məhz budur. Bu məqsədə nail olmaq üçün isə təbii ki, ilk növbədə KİV qanunvericiliyi yenilənib.
Xatırladaq ki, Macarıstanda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun yanvarın 1-dən qüvvəyə minir. Qanun ölkədə bütün media məkanını – televiziya, mətbuat və internetin fəaliyyətini tənzimləmək imkanı verir. Bunun üçün Media Şurası da yaradılır. Qəribəsi də budur ki, şuraya sədr ölkənin baş nazir Viktor Urban tərəfindən təyin olunacaq. Parlament isə 9 il müddətinə şuranın digər 5 üzvünü seçəcək. Media Şurasına KİV-ə lisenziya vermək və yaxud onun fəaliyyətini dayandırmaq, sanksiyalar tətbiq etmək, jurnalist qarşısında mənbənin adını açıqlamaq tələbi qoymaq kimi geniş səlahiyyətlər verilib.
Elə həm ölkə içini, həm də beynəlxalq qurumları narahat edən əsas punktlardan biri də sanksiyalarla bağlıdır. Macarıstanda deyirlər ki, sanksiyaların məhz bu tarixdə qüvvəyə minməsi ona hesablanıb ki, iyulun 1-də rəsmi Budapeştin Avropa İttifaqına sədrliyi başa çatır. Bundan sonra ölkədə sanksiyaların tətbiqinə imkan yaranır.
Qanun öncə xəbərdarlığı nəzərdə tutur və bu zaman cərimələrin miqdarı da o qədər yüksək olmur. Amma təkrar qanun pozuntusu baş verdikdə cərimələrin məbləği də artır. Özü də nə az, nə çox qanun
50 MİN AVRODAN 720 MİN AVROYA QƏDƏR CƏRİMƏ
tətbiqini nəzərdə tutub. Bu da təbii ki, medianın sıradan çıxmasına, yaxud da onun asılı vəziyyət düşməsinə səbəb olacaq.
Qanun qüvvəyə minəndən bəri ölkədə bunun əleyhinə üç dəfə etiraz nümayişləri keçirilib. Nümayişin təşkilatçısı olan “Bir milyon insan azad media üçün” fasebuk səhifəsinin yaradıcısı Robert Fölker deyir ki, prosesə üç nəfərlə başlayıblar. Amma sıraları günü- gündən artmaqdadır. Mart ayında təşkil etdikləri sonuncu etiraz nümayişində 50 min insan iştirak edib. Macarıstanda azad mətbuata dəstək səhifəsi yaradılıb, qısa müddətdə on minlərlə insan səhifədə qeydiyyatdan keçib. “Biz siyasətçi deyilik, siyasi partiyalarda da təmsil olunmuruq. Müstəqil şəkildə nümayişlər təşkil edirik. Baxmayaraq ki, hökumət bizim siyasi partiyaların əlində alət olduğumuzu deyir, amma bu, belə deyil”,- Folker bildirib.
Jurnalistlərin bu məsələdə nə dərəcədə həmrəy olmasına gəlincə, onun sözlərinə görə, ölkənin media əhli sağ və sol olmaqla iki hissəyə ayrılıb. Sollar susur və və ictimai rəyə onların vətəndaş cəmiyyəti üzvləri yox, siyasi partiyaların mövqeyindən çıxış etmələri fikrini sırımağa çalışır. Bəzi media qurumları maliyyə baxımından qorxur, çünki qanun əleyhinə nəsə versələr, səhər qəzetləri çıxmaya, kanalları isə fəaliyyətini dayandıra bilər.
Fölker deyir ki, onlar siyasilərin aksiyalarda iştirakını iki səbəbdən istəmirlər. Birinci səbəb budur ki, son 20 ildə ölkədəki belə məsələlərdə həmişə siyasətçilər öz mənfəətlərini güdüblər.
Beynəlxalq qurumların çağrışlarından sonra qanunun 4 maddəsində dəyişiklik edilsə də, bunlar heç bir tərəfi, nə ölkə içini, nə də xarici qurumları razı salmayıb. Çünki dəyişikliklər texniki xarakterli olub.
Budapeşt Bizes məktəbinin və Oksford Universitetinin müəllimi, professor Peter Bajomi-Lazar isə deyir ki, Macarıstanda parlamentdə hansısa partiya çoxluğunun olmadığına görə, indiyə qədər bu qanunu dəyişə bilməyiblər. Amma “Fides” parlamentdə çoxluq əldə etdikdən sonra istədiyi qanunu istədiyi kimi dəyişmək imkanı əldə edib.
Mediaya repressiv münasibət bəsləyən
HÖKUMƏT MEDİANI PROPAQANDASINA ÇEVİRMƏYƏ ÇALIŞIR.
Əgər Media Şurası audiovizual sahəyə də nəzarət edəcəksə, deməli, onların azadlığını da məhdudlaşdıracaq. Sanksiya hüququ da KİV-in müstəqilliyini çərçivəyə salır. Onun sözlərinə görə, Macarıstanda əvvəl üç İTV olub, amma ötən ilin sonunda hökumət bu kanalları birləşdirərək bir İTV saxlayıb.
Professor deyir ki, bu ekonomik vəziyyətlə izah olunsa da əslində görünən budur ki, hökumət üçün bir kanalı idarəetmək daha asandır.
Macarıstanın sabiq xarici işlər naziri Laslo Kovaç isə deyir ki, KİV qanunu qəbul edildikdən sonra Avropa Şurası təkcə qanunun monitorinqini aparmaq deyil, həm də ölkədə demokratiyanın ümumi vəziyyətinə dair monitorinq keçirmək qərarına gəlib.
“İNDİ BİZ QARANLIQDAYIQ”
Macarıstanın “Nepszabadsag” gündəlik müxalifət qəzetinin baş redaktor müavini Qabor Horvat isə deyir ki, onlar hələ ki, əvvəlki qayda ilə işləyirlər. Amma sonra nə olacaq bilinmir.
“İndi biz qaranlıqdayıq. Sanksiyalar 1 iyuldan qüvvəyə minir. Söhbət ondan gedir ki, yalnız qanunu pozanda deyil, ayrı-ayrı insanların maraqlarına toxunanda da cərimə tətbiqi nəzərdə tutulub. Biz siyasi qəzetik, düşünürəm ki, əgər kiminsə maraqlarına toxuna bilməsək, onda qəzet də maraqsız olacaq”.
Qəzet 80 min tirajla çıxır. İqtisadi böhrandan əvvəl gəlirlərin 40-50 faizini, indi isə 20-25 faizi reklamdan formalaşır. Horvat deyir ki, qanun iki cərimə növü nəzərdə tutur. Pozuntuya görə təkcə jurnalist deyil, baş redaktora qarşı da cərimə sanksiyası tətbiq olunacaq. İndiyə qədər də qanuna əməl edərək işlədiklərini deyən Horvat düşünür ki, əgər bundan sonra yeni qanun jurnalistlərin hüquqlarını məhudlaşdıracaq, Avropa standartlarını pozacaqsa, onların Avropa Məhkəməsinə müraciət hüquqları var.
Ölkənin Media Şurasının nümayəndəsi Gyorgi Ocskonun isə öz arqumentləri var. KİV qanununun 90-cı illərdə qəbul olunduğunu deyən Ocsko onun dəyişdirilməsinə ehtiyac olduğunu bildirib. Macarıstanda əvvəllər KİV-ə nəzarət edən bir neçə qurumun olduğunu deyən MŞ təmsilçisi indi vahid orqanın yaradılmasının daha effektli olması fikrindədir. O, Media Şurasının üzvləri və sədrinin seçilməsi prosedurunun, onların 9 illiyə təyin olunmaları barədə tənqidləri də qəbul etmir. Əksinə düşünür ki, sədrin, namizədlərin necə seçilməsinin fərqi yoxdur. Çünki şikayətlərə ölkənin azad məhkəmələri baxacaq. Sanksiyalardan apelyasiya vermək hüququ da var. Qeyd edək ki, MŞ-nın büdcəsi 9 milyon avrodur. Xatırladaq ki, Avropa İttifaqını yeni qanunda dörd maddə narahat edir. Avropa parlamentinin qəbul etdiyi qətnamədə bildirilir ki, təkcə bu maddələr deyil, qanun özü başdan-ayağa dəyişilməlidir. Lakin Macarıstanın üzv olduğu heç bir beynəlxalq təşkilat bu məsələdə ölkəyə qarşı təzyiq mexanizminə sahib deyil.
Macarıstanda deyirlər ki, “Fides” hakimiyyəti ölkəni geriyə, avtoritar sistemə aparır. Sovetlərin işğalı tarixini, 56-cı illərdə yaşadıqlarını Macarıstan unutmayıb. Ölkədə hər addımda o işğalın izləri yaşayır. Terror muzeyində isə həmin işğal zamanı həlak olan insanların xatirəsi yaşayır. Macarıstanın geriyə qayıdacağını, yoxsa irəliyə gedəcəyini isə zaman göstərəcək.
Tags:
© 2012 Created by Arne Grauls.